Misirdə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub
����: 15-06-2023, 22:58
Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Cəmiyyətdən zefertv.az xəbər portalına bildiriblər ki, tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Misir parlamentinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri, nüfuzlu elm xadimləri, jurnalistlər və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində təhsil alan tələbələr iştirak ediblər.
Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov açıb. Ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayan Cəmiyyətin sədri xatırladıb ki, 15 iyun tarixi xalqın israrlı təkidi ilə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə seçildiyi gündür və bu əlamətdar gün ölkəmizdə və dünyada geniş qeyd edilir. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov çıxışında xatırladıb ki, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. O, buna nümunə olaraq Misir və Azərbaycan milli komandaları arasında kikboksinq üzrə yoldaşlıq görüşünün təşkilini göstərib. Azərbaycanın xaosdan, vətəndaş müharibəsindən xilas olması naminə çox qətiyyətli addımlar atan Heydər Əliyevin mənalı ömrü və siyasi fəaliyyəti haqqında müxtəlif dillərdə, o cümlədən ərəb dilində yüzlərlə kitabın yazıldığını bildirən səfir diqqətə çatdırıb ki, dahi şəxsiyyət ərəb və müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verirdi. Xalqımızın Ümummilli Lideri Misirlə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə inkişafının əsasını qoyub, onun Afrika qitəsinə ilk rəsmi səfəri 1994-cü ildə məhz Misirdən başlayıb. E.Poluxov vurğulayıb ki, misirli investorlara ölkəmizin iqtisadiyyatının bütün sahələrinə sərmayə qoymaq üçün yaxşı şərait yaradılıb.
Tədbir iştirakçılarını salamlayan DİDK Aparatının rəhbəri Daşqın Rəcəbli bayram münasibətilə soydaşlarımızı təbrik edib, diqqəti komitənin fəaliyyət istiqamətlərinə, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənləri ilə bağlılıqlarının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrə cəlb edib. Müasir dövrümüzdə xalq diplomatiyasının əhəmiyyətindən danışarkən, bu yolun həm də dillərin mənimsənilməsindən keçdiyini vurğulayan natiq misirli tələbələrin Azərbaycan dilinə böyük rəğbət göstərməsini, universitetlərdə Ana dilimizin tədris olunmasını təqdirəlayiq hal adlandırıb və Misirdəki Azərbaycan diasporunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib. “Azərbaycan dili dərsliyinin ərəblər üçün ilk dəfə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin misirli tələbəsi tərəfindən hazırlanması da qürurvericidir”, - deyə D.Rəcəbli vurğulayıb.
Dünya azərbaycanlıları tərəfindən müxtəlif ölkələrdə Heydər Əliyevə həsr olunmuş tədbirlərin təşkil olunduğunu qeyd edən D.Rəcəbli Misirdə də silsilə tədbirlərin davamı olaraq Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən müsabiqələrin keçiriləcəyini bildirib. O, komitənin dəstəyi ilə müsabiqənin 5 qalibinin Azərbaycana səfərinin təşkilinin də nəzərdə tutulduğunu söyləyib.
Misirli millət vəkili Adil Amir xalqlarımızın dost olduqlarını, iki ölkə arasında əlaqələrin inkişafına Misir-Azərbaycan Dostluq Cəmiyyətinin böyük töhfələr verdiyini, ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb. O, Misirin Qalyubiyyə vilayətində Misir-Azərbaycan Dostluq Parkının salınmasını, bu parkda Ümummilli Liderin abidəsinin ucaldılmasını, əhalinin bu parkı mütəmadi olaraq ziyarət etməsini bu münasibətlərin bariz nümunəsi adlandırıb.
Tədbirin sonunda Seymur Nəsirov qeyd edib ki, yaxın gələcəkdə Cəmiyyətin nəzdində hər iki ölkənin iş adamlarına dəstək məqsədilə yeni bölüm açılacaq.
Sualların cavablandırılması ilə yekunlaşan tədbir ərəb mediasında geniş şəkildə işıqlandırılıb.
Zefertv.az
İstanbul, Muhamməd Osmanlı .