Müttəfiqlik Bəyannaməsi ölkəmizin daha da qüdrətlənməsinə yeni imkanlar yaradacaq
Baxılıb: 219 Tarix: 23-02-2022 18:08
Bu gün ölkəmizin geosiyasi həyatında önəmli hadisələr baş verməkdədir. Xüsüsilə fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması Azərbaycanın növbəti diplomatik qələbəsi, uğurudur. Çünki, bununla Rusiya ilə ölkəmizin yüksəksəviyyəli əlaqələri yeni inkişaf tendensiyası qazanır. Xüsusi vurğulamaq lazımdır ki, hər iki dövlət rəhbərlərinin arasında qarşılıqlı hörmət və etimad mövcuddur. Bu amil, eyni zamanda, hər iki ölkə arasında münasibətlərin ən üst səviyyəyə yəni, müttəfiqlik Bəyannaməsinin imzalanmasına gətirib çıxarmışdır. Nəzərə almaq lazımdır ki, Rusiya təkcə bölgənin deyil, dünyanın ən nəhəng ölkələrindən, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.
Bu, Bəyannamənin əsas prinsipi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Eyni zamanda, sənəddə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür və müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.
Təbii ki, Azərbaycanla Rusiya arasında bu müttəfiqlik sənədi Ermənistana böyük zərbədir. Artıq bundan sonra Ermənistan müttəfiqlik əlaqələrindən yararlanaraq üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Burada əsas məqamlardan biri keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır, hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacağı barədə öhdəlik götürür.
Bu bir reallıqdır ki, Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Azərbaycanın istər bölgədə, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur. Bu kontekstdə danışarkən Azərbaycan və Rusiya münasibətləri üzərində xüsusi dayanmaq lazım gəlir. İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub. Dövlət Başçısının Rusiya dövlət başçısı ilə görüşdə səsləndirdiyi «Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır» sözlərindən də aydın olur ki, iki ölkə arasında iqtisadi əlaqələr ilk növbədə yüksək ranqlı, qarşılıqlı siyasi anlaşmaya, dialoqa, siyasi müttəfiqliyə söykənir.
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi də daim artır. Beləliklə demək olar ki, iki ölkə arasında əlaqələr bir çox istiqamətlərdə əhəmiyyət kəsb edir. İlk növbədə ölkəmiz öz ixrac potensialını realizə etmək üçün Rusiya kimi geniş bazara çıxış əldə edir. Ən nəhayət, bu əlaqələr regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf meyillərini və maraqlarını gücləndirir.
Səfa Ağayev, YAP İmişli rayon təşkilatının sədri.