Bərdədə şəhid Elməddin Hüseynzadənin əziz xatirəsi ehtiramla anıldı
Baxılıb: 83 Tarix: 24-08-2026 21:14
AYB və AJB-nin üzvü, yazıçı-publisist Raziyə Kamilqızının Bərdə səfərindən qeydlər












23 avqust 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Raziyə Kamilqızı Bərdə rayonunda qəhrəman şəhid, evin yeganə övladı Elməddin Hüseynzadənin ev muzeyini ziyarət edib.
Bu mənəvi dəyəri yüksək olan səfərdə Raziyə Kamilqızını Bakı şəhərindən şəhid Ramil Rəhimovun və şəhid İlqar Əhmədovun ailə üzvləri müşayiət ediblər. Şəhid anası Arzu ana ilə keçirilən səmimi və duyğulu görüş hər kəsin yaddaşında dərin iz buraxıb. Görüş zamanı şəhidimizin keçdiyi şərəfli ömür yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq, onun uşaqlıq və gənclik illəri barədə xatirələr bölüşülüb.
Ev muzeyində bizi Elməddin Hüseynzadənin adını daşıyan Təhsil Mərkəzinin rəhbəri də qarşıladı. Onun iştirakı ilə səmimi söhbət aparıldı, şəhidimizin həyat yolu, Vətənə sədaqəti və gənclərə örnək olan qəhrəmanlığı haqqında geniş fikir mübadiləsi edildi.

Görüş zamanı xatirə hədiyyələri də təqdim olundu. Yazıçı-publisist Raziyə Kamilqızı tərəfindən şəhid Ramil Rəhimovun əziz xatirəsinə həsr edilərək qələmə alınmış "Vətənə yazılan ömür" adlı kitab Təhsil Mərkəzinin rəhbərinə hədiyyə edildi. Həmçinin şəhid İlqar Əhmədovun xatirəsinə həsr olunmuş kitab isə onun anası Leyla xanım tərəfindən Təhsil Mərkəzinə təqdim edildi. Bu mənalı hədiyyələr qəhrəman şəhidlərimizin xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük dəyər daşıyır.
Bununla yanaşı, Raziyə Kamilqızı qəhrəman şəhidlərin xatirəsinə həsr etdiyi "Zəfərə gedən yol" adlı kitabını da şəhid anası Arzu xanıma hədiyyə etdi. Kitabın təqdimatı zamanı müəllif bildirdi ki, bu əsərlər Vətən uğrunda canından keçən igid oğullarımızın ölməz xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Səfər çərçivəsində Bərdə rayonundakı Şəhidlər Xiyabanı da ziyarət olundu. Şəhidlərin məzarları önünə gül dəstələri düzülərək onların əziz xatirəsi dərin ehtiramla yad edildi, ruhlarına dualar oxundu.
Bu cür görüşlər və ziyarətlər şəhid ailələrinə mənəvi dayaq olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılmasına xidmət edir. Şəhidlərimizin keçdiyi şərəfli ömür yolu Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.










Qələmə aldı:
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü










