Reklam
Reklam
Xəbər lenti
13-12-2024, 21:33

13-12-2024, 12:45

10-12-2024, 17:18

9-12-2024, 15:51

1-12-2024, 15:34

13-11-2024, 00:11

12-11-2024, 20:09

8-11-2024, 18:48

28-10-2024, 07:37

14-10-2024, 13:03

8-10-2024, 23:25

6-10-2024, 11:59

22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

Ən çox oxunanlar
Reklam
Reklam

Cəbhələrdən buludlara ucalan ömür

Baxılıb: 1 127     Tarix: 01-07-2024 17:19   
 44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixində bir inqilabdır.
Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbəmiz heç vaxt olmayıb.  Həm nümunəvi döyüş taktikaları ilə, həm dövlət xalq birliyi iləAzərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız əzm, iradə və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix Azərbaycan üçün möhkəm bünövrədir. Bu şanlı qələbə elə təməllər üzərində quruldu ki, əsla sarsılmaz. Çünki bu tarixi igid, qəhrəman, vətəni canından sevdiklərindən əziz tutan igid oğullarımız şəhidlik zirvəsinə ucaqlaraq canı ilə, qanı ilə geridə qoyduqları analarının, bacılarının, sevdiklərinin göz yaşları ilə yazdılar.Onların yox olan cismi ilə var oldu bu topaq, bu vətən. 
16 avqust həmin tarixi qəhrəmanlardan biri, bir an belə düşünmədən canını vətəninə fəda edən, həytda ən böyük amalı Qarabağın azadlığı olan şəhid kəşfiyyatçı Amil Rasim oğlu Hüseynovun cənnətdəki üçüncü doğum günüdür. 
Amil Rasim oğlu Hüseynov 16 avqust 1986-cı ildə ata-baba yurdu olan Füzuli Əhmədalılar kəndində dünyaya göz açıb. Altı yaşına qədər öz doğma kəndində böyümüş daha sonra 1993-cü ildə mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bakı şəhərində yerləşən Mədəni Maarif Texnikumunun yataqxanasında məskunlaşmışdır. Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbə getmiş və həmin məktəbin məzunu olmuşdur. 
Orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illər ərzində Beynəlxalq Sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan Sülhməramlı Qoşunlarında Həqiqi Hərbi xidmətdə olmuşdur. 
Uşaqlığından vətəninə bağlı olan Amil bir gün torpaqlarımızı erməni işğalından azad edəcəyi hissi ilə böyümüşdür. Hər zaman hərbçi olmaq, vətənin keşiyində durmaq arzusunu öz ürəyində böyütmüşdür. Elə kiçik yaşlarından vətənpərvərliyini Azərbaycanı layiqli şəkildə təmsil etməklə nümayiş etdirmişdir. Məktəbdə oxuduğu müddətdə Amil idmanın karete növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak etmiş və yüksək nəaliyyətlər əldə etmişdir. İştirak etdiyi heç bir yarışdan nailiyyətsiz geri qayıtmamışdır. 2003-cü ildə respublika çempionatlığında iştirak etmiş və birinci yerin sahibi olaraq Respublika Çempionu adına layiq görülmüşdür. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda birinci yerə çıxmışdır.
 Amil 2010- cu ildən fəaliyətinə Azərbaycan Respublikasının Daxili qoşunlarında xidmət göstərərək başladı. Daha sonra Azərbaycan Respublikasının Milli Ordu sıralarında Müddətdən artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəliyyətini davam etdirdi. 2012-ci ilin dekabr ayından 2013-cü ilin aprel ayına qədər Türkiyədə komando kursunu yüksək səviyyədə, layiqincə başa vurmuş, kəşfiyyatçı təlim kursu keçmiş, ixtisaslaşmış, işinin sirlərini, hər bir incəliyini bilən bir hərbçiydi. 
Amil Hüseynov Beyləqanda 218 saylı və Füzulidəki 706 saylı hərbi hissədə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas bölgələrində xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə görə qulluq etdiyi müddətdə bir sıra fəxri fərman və mükafatlara layiq görülmüşdür. 
Müharibə zamanı ailəsi ilə sonuncu dəfə 2020-ci il oktyabr ayının 5-də telefon əlaqəsi saxlayan A.Hüseynov döyüş əməliyyatı zamanı piyada əleyhinə minaya düşərək şəhadətə yüksəlmişdir. Oktyabrın 10-da şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapılmış və 10 dekabrda öz doğma kəndində böyük izdihamla son mənzilə yola salınmışdır. 
Şəhidimizin 17.10.2015 təvəllüdlü Hüseyinli Elcan adlı tək övladı vətənə əmanətdir.
Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” “Cəsur döyüşçü” medalları və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 
2022- ci ildəatası Rasim Hüseynov tərəfindən Amilin xatirəsinə öz doğma Əhmədalılar kəndində orta məktəbin həyətində bulaq abidəsi inşa edilmişdir.
Xatirələr:
Anası Hüseynova Nazənin: Amil mənim gözümün ilk nuru, ailəmizin ilk sevinci idi. Təbii ki, analar övladlar arasında fərq qoymaz, amma Amil elə oğul idi, elə bala idi ki, ataya-anaya, bacı-qardaşına, ailəsinə qarşı istiqanlı münasibəti ilə, qayğıkeşliyi ilə, mərdliyi ilə, yüksək mənəvi keyfiyyətləri ilə o fərqi özü yaradırdı. O tamam ayrı bir övlad idi. Hər kəsin yerini bilən, zarafatı yerində, sözü yerində. 3 il keçməsinə baxmayaraq onun yoxluğunun ağrısı ilk günkü kimi ürəyimdədir. mən dözə bilmirəm. indi mənim tək həmdəmim onun şəkilləri, xatirələridir.O həmişə deyirdi: “Ana, mənim işim elədir ki, gedərəm bir gün ya ayaqsız, ya əlsiz qayıdaram, siz hər şeyə hazır olmalısınız, həyatın reallığını qəbul etməlisiniz. Bizim torpaqlarımız işğal altındadır, torpaqlarımızı azad etmək bizim borcumuzdur. Bircə bu Qarabağ məsələsini həll etsək ondan sonra hər şey yaxşı olacaq”. Balam arzusuna çatdı, dediyini etdi, vətəni azad etdi, amma zəhmətinin bəhrəsini görmədi. Kaş ki, bu zəfərin sevincini yaşamaq Amilimə də qismət olardı. Amma əminəm ki, ruhu şaddır. Mənim övladım çox mərhəmətli, əliaçıq, səxavətli idi. Vətənin azadlığı uğrunda canından keçmək, ömründən pay vermək, onun üçün yalnızca böyük şərəfdir. 16 avqust Amilin doğum günüdür. Nə qədər illər keçsə də o yenə də mənim ilk dəfə qoynuma aldığım, körpə ətrini ürəyimə çəkdiyim, heç vaxt doymadığım o körpə balamdır. O nə qədər böyüsə də onun körpə saflığı, məsumluğu, təmizliyi heç vaxt itməmişdi. Mənim körpə mələyim indi ən uca zirvədədir, şəhiddir, indi mən onun doğum günlərini onsuz qeyd edirəm. Çox çətindir. Onsuz bu illəri necə yaşamışam, günüm-ayım necə keçib bilmirəm. O gedən gündən dünyam necə qaralıbsa, hələ də həmin qaranlığın içindəyəm. Onun yoxluğunu heç nə əvəz etmir mənə. Azərbaycan xalqına qələbə yaraşır. Bu qələbəni canı ilə, qanı ilə, xalqımıza yaşatdığı üçün, mən balamla, onun uca məqamı ilə fəxr edirəm, qürür duyuram. Təki vətən sağ olsun! Allah bütün şəhid balaların məqamını uca etsin. mənim də balamın ruhu şad olsun!
Bacısı Aysel Süleymanova:
Qardaşım Amil haqqında danışmaq mənim üçün həm asandır həm də çox çətindir. Ona görə asandır ki, o bu dünyada ağlımıza gələn ən xoş sözlərə layiq bir qardaşdır. Cəsur. Igid, qorxmaz, mehriban səmimi, saf, bir sözlə, oğul kimi əsl oğul, ata kimi qayğıkeş ata, yoldaş kimi diqqətli, layiqli yoldaş, qardaş kimi tayı bərabəri olmayan əvəzsz bir qardaş idi. Çətindir ona görə ki, qardaşım bu gün yanımda deyil. bu üç il müddətində bir an olsun ağlımızdan, beynimizdən, qəlbimizdən çıxmır onun yoxluğu sanki bizim ruhumuza sarılıb. Mən bir an belə onu yox imiş kimi düşünmürəm. hər an gələ biləcəyi ümüdü çımır qəlbimdən. Hər axşam qapım döyüləndə ürəyim səksənir, elə bilirəm Amil gəldi. Adətən o bizə gecələr gələrdi. Bir qardaş bacını, bir bacı qardaşı bu qədər sevərmiş, İlahi! Hər gün mənə 2-3 dəfə zəng edərdi. Nəyəsə ehtiyacın varmı, yoxmu maraqlanardı. Ürəyi rahat olsun deyə mənə ad verirdi- “sən atamın canı, de görüm, nəyə ehtiyacın var?” mən də and içirdim ondan sonra inanırdı. Hər axşam bir zəngi vardı- “səsini eşidim yatım” – deyən dillərinə bacın qurban olsun. Amil son 6 il idi ki, Beyləqnda işləyirdi, ona görə də mənə daha yaxın idi. hər zaman mənə ikinci anam deyirdi. bütün dərdini, sirrini mənimlə rahatlıqla bölürdü.Adətən mənim adımı qısaldaraq “Ası”- deyə çağırardı. İndi deyirəm:- Ası sənsiz çox darıxır, gözəl gözlü qardaşım.
Bəlkə də biz yataqxana şəraitində, bir otaqlı evə olduğumuz üçündür, ya nədirsə bir-birimizə çox bağlı idik, bir-birimizi həddindən çox sevirdik. Amil çox qohumcanlı idi. Kəndimizin 6-7 uşaqlarını bir araya yığıbbir otağın içində onlara idman etməyi öyrədirdi. Reyhan kompotunu çox sevərdi. Dərsi bitirən kimi reyhan kompotunu içirdi. Mən həmişə sevə sevə hazırlayırdım ki, qardaşım doyunca içsin. Amilin idmanda uğurları çox idi. o ikinci yeri qələbə kimi qeyd etməzdi. Bir dəfə ağır bir yarış kçirmişdi, güclü rəqiblərlə döyüşmüşdü. Hakim ədalətsiz davranmış həmin yarışda qaradşım 2-ci yerə çıxmışdı. Biz onun bu uğuruna nə qədər sevinsək də o həmin gün çox bikef idi. Onun hər nailiyyətini xüsusi qeyd edirdik. Əli-ayağı çox ruzili- bərəkətli idi. doğum günləri həmişə təmtəraqlı keçərdi. Heç ummadığımız bir anda Allah ruzisini elə yetirirdi ki, onun ad günlərini geniş qeyd edərdik. Heç vaxt əliboş evə gəlməzdi. Heç kimin qəlbinə dəyməzdi. O çox zəhmətkeş, çox ağıllı, qohumcanlı, gözütox olub. Allahdan qorxan, hər atdığı addımı ölçüb-biçən bir xarakter sahibi idi. bəlkə də belə gözəl ürəyin sahibi olduğu üçün hər insana qismət olmayan şəhidlik zirvəsinə ucaldı. Ondan sonra, nə mən, nə ailəmiz, nə də onu sevənlər onun yoxluğu ilə barışa bilmir. Amil döyüşə Füzuli rayon Əbdürrəhmanlı kəndindən 40 metrlik deyilən postdan (erməni ilə 40 metr məsafəsi olduğu üçün o yerə 40 metrlik post deyirdilər) başladı. Onların qrupundan 9 nəfər kəşfiyyatçı şəhid oldu. İlk keçilməz Ohanyan səddini yaran qrup məhz Amilgil olub. Amil Cəbrayılın Nüzgar kəndinin azad olunmasında, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Aşağı Əbdürrəhmanlı və bir sıra ərazilərin azad edilməsində xüsusi şücaətlik göstərib xeyli sayda canlı erməni qüvvəsini məhv etmişdir Onsuz heç nəyin mənası qalmayıb. Artıq heç bir hadisə məni təəccübləndirmir. Mən qardaşımla bərabər özümü itirmişəm. Sanki, həmin gün məni də onunla dəfn etdilər. Tək təsəllim qardaşımın şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 
Həyat yoldaşı Xalisə Məmmədova: “Amil şəhid olanda biz yenicə ailə qurmuşduq. Ailə həyatımız cəmi 2 ay çəkdi. Artıq 3 ilə yaxındır onsuz bir həyata davam etmək məcburiyyətindəyəm. Mən hələ də o gündə qalmışam, 2-3 il deyəndə mənə qəribə gəlir, sanki hər şey 2-3 gündür baş verib. 5 oktyabr günorta saatlarında sonuncu zəngində müharibənin necə getdiyini soruşduqda “Belə getsə, İnşallah Şuşadan gələcəm” demişdi. 
“2022-ci ilin iyun ayında hər sətri, hər sözü göz yaşlarımla ərsəyə gələn Şəhid yoldaşım Amil Hüseynovun xatirəsinə və Şuşa ilinə həsr etdiyim "ZƏFƏRİN  AMİLİ" nəhayət ki, işıq üzü gördü. Mən nə yazıçı, nə ədəbiyyatçı deyiləm, sadəcə 44 günlük Vətən Müharibəsinin mənə  hiss etdiklərini qələmə almışam. Kitabda bir şəhid yoldaşının həyat mücadiləsi, müharibə dönəmində biz qadınların keçirdiyi qorxu və həyəcanı, eyni zamanda şəhid xəbəri alan qadınların qürur və kədər kimi qarışıq hisslərini əks etdirməyə çalışmışam. Ümid edirəm ki, istəyimə nail olmuşam. Kitabı oxuyan hər bir şəhid anası, yoldaşı bir cümlə ilə belə olsa orda öz hisslərini tapacaq, eləcə də öz oğlunun, yoldaşının xasiyyətini görəcək. Çünki, şəhidlərimizin hər biri eyni qəhrəmanlıqla döyüşüb və eyni amal uğrunda canından keçib. Hətta, həyata baxışları da bir-birinə bənzəyir.
Amilin xatirəsini yaşadan bu kitab mənim üçün çox müqəddəsdir. “Bu kitab bizim əbədi sevgimiz, heç vaxt qüvvədən düşməyən nigah şəhadətnaməmiz və ölümsüz evliliyimizdir. Bu kitab mənim üsyanımı dindirib, səbrimi artıran bir həyat payım oldu. Amilin yoxluğunda bu kitab mənim ən böyük təsəllim oldu. "Zəfərin Amili" ilə Amilim, sanki yenidən dünyaya gəldi və bu kitabla onun sevgisi daim ürəyimdə, xatirələri isə bir ömür ovuclarımda olacaq.”
Bir oxucu gözü ilə nəzər saldıqda kitabın daha bir özəlliyini kəşf etdim- Amilin mənə tez -tez, həm bir arzu, istək, həm də bir nəsihət şəklində dediyi bir sözü vardı: "Biz elə bir ailə olmalıyıq,  elə xoşbəxt olmalıyıq ki, sevgimizlə, birliyimizlə, nümunəvi ailəmizlə hər kəsə,  bütün el-obaya sübut etməliyik ki, bizim bu həyatda sadəcə bəxtimiz gətirməyib. Biz ikimiz də xoşbəxtliyə layiq insanlarıq".  Amilin şəhadətindən sonra hər dəfə məzarı önündə ağlayaraq soruşar, “Beləmi sübut etdin?! Beləmi göstərdin hər kəsə xoşbəxtliyə layiq olduğumuzu?!”- deyərək üsyanımı dindirə bilmirdim. Artıq onun məzarı önündə o sözü soruşmuram, çünki heç fərqində belə olmadan Şəhidimin arzusunu, xəyalını canlandırmış, nəsihətini yerinə yetirmişəm. Biz yaşayaraq göstərə bilməsək də, mən qəlbimin ağrısı ilə, sevgimlə, həsrətimlə dolu bu kitabımın hər cümləsində, hər sözündə Amilin həqiqətən sevgiyə, xoşbəxtliyə layiq bir insan olduğunu sübut etmişəm. Bu kitabı oxuyan hər kəs Amilin möhtəşəmliyini duyacaq. Amili daha yaxından tanımaq istəyən bütün oxuculara “Zəfərin Amili”ni oxumağa dəvət edirəm.
Çox təssüf ki, ondan mənə övlad əmanət qalmadı. Ancaq ki, əmanət nədir?! - Əmanət ən güvəndiyimiz insana tapşırdığımız, ən sevdiyimiz nəsnədir. Mənim üçün də onun sevgisi ən dəyərli əmanətimdir, ölənə qədər ona olan sevgimi və onun sevgisini qəlbimin ən gözəl, ən dəyərli guşəsində qoruyub saxlayacam. Ondan sonra çox əziyyət çəkdim, onun bu gedişinə dözmək, bu ağrının altından qalxmaq olduqca çətin oldu. Ondan sonra hər gün Amilimə yazdığım sətirlərlə, misralarla təsəlli tapdım. Allah Amilin və bütün şəhidlərimizin məqamını uca etsin.” 
Sonda fikrimi hər axşam ona müraciətlə yazdığım məktublardan biri ilə tamamlamaq istəyirəm. 
Bir də görəcəksən qapısız, pəncərəsiz mənzilinin divarları döyülür, bir tanış səs gəlir qulağına... Astaca boylanacaqsan və qarşında sənsizlikdən usanmış, yorğun ürəkli bir qadın görəcəksən... Əvvəlcə təəccüb edəcəksən, öz-özündən soruşacaqsan, 
-"Bu odurmu?!"... 
Bir tək gözlərindəki sevgi tanış gələcək sənə... 
Dodağında bir kəlmə pıçıldayacaq: 
-"İlahi, nə qədər dəyişmisən"... 
Əlbəttə, dəyişər... 
Axı, onun sənin kimi gənc və yaraşıqlı zamanında, həyatının ən xoşbəxt anında ömrü xitam etmədi... 
O yaşadı... yaşamaq ki, nə yaşamaq... 
Həm də nələr, nələr yaşadı... 
Sonra özündən ixtiyarsız qolların bərk-bərk sarılacaq həsrətindən bənizi solmuş, ürəyi küskün, gözləri çeşmə qadının boynuna...
Əllərin sığal çəkəcək ağarmış tellərinə, eyni o vaxtkı kimi barmaqların ehtiyatla siləcək gözünün yaşını və titrək səsinlə soruşacaqsan, "sənə nə oldu, belə?!"
Kaş ki, bu sualı sən verəsən mənə, bircə sən, əzizim... Ürəyim o qədər doludur ki, gün gələcək mən sənə hər şeyi danışacam... Buna çox inanıram... 
O zamana qədər hələlik, sevdiyim... 
Səninçün darıxmağımın izahı yoxdur...

Zəfər TV.az