Teknofest" Çempionu Jalə Muradlı: Uğurun Sirləri və Qalib Komandanın Hekayəsi
Baxılıb: 126 Tarix: 22-09-2025 22:46
Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan "Teknofest 2024"-də Azərbaycan komandasının qazandığı tarixi qələbə hələ də böyük maraqla qarşılanır. Bu uğurun "Versetech" komandasının hekayəsi gənclərimiz üçün ilham mənbəyinə çevrilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyəyə yollanan "Versetech" komandası, “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komanda ilə mübarizə apararaq finala yüksəldi. Yekun nəticələrə əsasən 76.88 xal toplayan gənc texnoloqlarımız birinci yerin sahibi oldular. Qalib gənclər daha sonra Türkiyənin Adana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəyərli mükafata layiq görüldülər.
Jalə Muradlı qeyd edir ki, bu qələbə təkcə komandanın deyil, bütövlükdə Azərbaycan gəncliyinin qürurudur.

"Teknofest"də rekord sayda — 788,161 komandanın iştirak etdiyini nəzərə alsaq, bu, həqiqətən də böyük bir uğurdur. Komandanın bu zirvəyə çatmasında mentorlarının rolu danılmazdır.
"Versetech"in mentorları Günay İmanzadə və Şahin Xəlilovdur. Onların hər ikisi 2022-ci ildə "Teknofest"in birinciləri olublar və hazırda Prezident mükafatçılarıdırlar. Jalə Muradlı bunu qürurla dilə gətirir: "Elə birincilər də bizləri birinci etdilər." Xüsusilə qeyd etmək lazımdır ki, mentorlardan Günay İmanzadə "Forbes 30 Under 30" siyahısına düşən yeganə azərbaycanlı gənc seçilib.

"Versetech" komandasının bu qələbəsi Azərbaycanın texnologiya sahəsində potensialının nə qədər yüksək olduğunu bir daha sübut etdi. Gənc istedadlarımızı təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzu edirik.


Zefertv.az Muhamməd Osmanlı