TARIX BOYU FƏXR EDƏCƏYİMİZ FƏXRİ
Bakıda Vətən müharibəsi şəhidi Fəxrinin doğum gününə həsr olunmuş tədbir keçirilib.
ZEFERTV.AZ xəbər verir ki, 8 yanvar 2026-cı il tarixində saat 14:00-da Milli QHT Forumunun binasında baş tutan tədbir “Mirvari Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimi giriş sözü ilə açan “Mirvari Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, tanınmış şairə Güllü Eldar Tomarlı vətənpərvərlik ruhunda çıxış edərək şəhidlərin xatirəsini yaşatmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən şəhidin anası Məhparə xanım oğlu ilə bağlı xatirələrini bölüşərək, onun adını hər zaman uca tutacağını qeyd edib. Nişanlı oğlunun arzularından və illərdir özü ilə gəzdirdiyi qanlı bayrağından danışan ananın qürur dolu çıxışı iştirakçılara təsirli anlar yaşadıb. Şəhidin bacısı Türkanə xanım da qardaş həsrətini və onun qəhrəmanlıq yolunu dilə gətirib..Anım mərasimində şəhid ailələri, qazilər, ziyalılar və media təmsilçiləri iştirak ediblər. Qonaqlar arasında xüsusilə diqqət çəkən simalar olub:
İki şəhid atası və anası (İman və Bəhrəm Məmmədzadələrin valideynləri);Qazi Ənvər Qarayev;
“Terminator” ləqəbli qazi Cavid (1,5 il erməni əsirliyində qalmış);
Yazıçı və "Zəfərtv.az" saytının təsisçisi Dəniz Rüzgar;
Ziyalı Bayram Aşıqlı, şairə Ülviyyə Vasif qızı;
Media rəhbərləri: Kamil Həmidov ("Etik Xəbər"), Sahil Qarayev ("Media Biz") və digər ictimaiyyət nümayəndələri.
Tədbir çərçivəsində şəhidin xatirəsinə rəsm tablosu hədiyyə edilib, sənətçi Zəminə Duyğunun ifasında vətənpərvər mahnılar səsləndirilib. Sonda qəhrəman şəhidimizin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, əslən Bərdə rayonundan olan Fəxri 44 günlük Vətən müharibəsi zamanı “Dəmir Yumruq” əməliyyatında igidliklə döyüşüb. O, 10.10.2020-ci il tarixində Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Göstərdiyi rəşadətə görə dövlət tərəfindən:“Vətən uğrunda” medalı;
“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!




Zefertv.az
Müəllif: Dəniz Rüzgar











