GÖZLƏRİNDƏN GÜLƏN ŞƏHİDİM
Baxılıb: 57 Tarix: 30-09-2025 00:53
Bu gün Kürdəmir rayonunda Vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Adəm Əliyevin anım günü keçirildi.



Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, ziyalılar, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, məktəblilər və media təmsilçiləri iştirak etdilər. İlk öncə şəhid Adəm Əliyevin məzarı ziyarət edildi. Daha sonra çıxış edənlərin hər biri qəhrəman oğulları haqqında qürurla danışdılar.
Şəhidlik: Əbədi Vətən Sevgisi
Bu dünyada ulu bir varlıq var, adı Vətəndir! Torpaq o zaman Vətən adlanır ki, onun uğrunda canlar fəda edilir, şəhid olunur. Doğma Qarabağ uğrunda gedən savaşda igid Adəm də qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı.
Adəm Əliyev 19 noyabr 2000-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində, zəhmətkeş bir ailədə dünyaya gəlmişdi. Uşaq yaşlarından vətəninə, bayrağına sevdalı idi. 2002-ci ildə ailəsi Kürdəmir rayonuna köçür. Akifə ana böyük zəhmətlə iki oğul övladını atasız böyüdürdü, çalışırdı ki, onlara təhsil versin, gələcəkdə cəmiyyətə layiqli insan kimi yetişsinlər. İllər bir-birini əvəz etdikcə, ana nə qədər ağır durumda olsa belə, övladları ona dəstək olurdu.
Adəm böyüdükcə idmana və musiqiyə böyük həvəs göstərir, hər yerdə birincilik qazanmağa çalışırdı. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Adəm Əliyevin ürəyi daima Vətən eşqi ilə döyünürdü. Qüsursuz xidmətinə görə dəfələrlə komandirləri tərəfindən ona təşəkkür elan olunmuşdu. Xalqına, dövlətinə və bayrağına olan sevgisi onu müddətdən artıq hərbi xidmətə (MAXE) başlamaq istəyinə gətirdi.
Akifə ana deyir ki, Adəmin ən böyük arzusu filmlərdən və kitablardan tanıdığı Qarabağı azad görmək idi. Mənfur düşmənlərin 27 sentyabr 2020-ci il tarixdə başladığı Vətən müharibəsində bütün Vətən oğulları kimi, Adəm Əliyev də silaha sarıldı, torpaqlarımızın müdafiəsinə qalxdı.
Şəhidin Anasına Son Məktubu:
Məktublardan xoşum gəlmir. Uzun-uzadı düşündüm ki, mən yazım...
Sənə yazdım bu məktubu, mənim anam...
Atasız böyütdün məni, həm ana qayğısı göstərdin, həm də atamı əvəz etdin.
Amma mən ana məhəbbətini, ana sevgisini Vətənə bağladım, əziz anam, zəhmətkeş anam. Vətəni sevdim, torpağı sevdim. Çünki ana qədər əziz oldu, sığal çəkdi o yarama, tumar çəkdi saçlarıma. Ana kimi qucaqladı, qoynuna aldı məni.
Ana, Vətən torpaqları darda olduğu zaman mən biganə qala bilməzdim. Ona görə də, can ana, mən gedirəm. Sənin mənə öyrətdiyin kimi vətənimi mənfur düşməndən qorumağa gedirəm. Xocalının, üzünü belə görmədiyim doğma Qubadlının, Zəngilanın, Laçının, Cəbrayılın, Şuşanın, Ağdamın, Kəlbəcərin, Füzulinin qisasını almağa gedirəm. Gözün arxada qalmasın, çünki anam qədər əziz olan Vətən torpağının çağırışına gedirəm. Əgər dönməsəm bil ki, ölmədim, Şəhid oldum...
Mənimlə hər zaman qürur duyacaqsan, fəxr edəcəksən, ana. Çünki Vətəni sevməyi səndən öyrəndim. Böyüdükcə Poladdan, Mübarizdən dərs aldım. Hər zaman bir arzum oldu: onlar kimi döyüşüb qəhrəman olmaq. Bu gün o gündür, Əziz anam! Haqq savaşı başladı. Mən döyüşə gedirəm və söz verirəm ki, şərəflə, qeyrətlə vuruşub torpaqları azad edəcəm. Üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması üçün lazım gəlsə, canımı belə qurban edəcəm. Sağ ol ana, salamat qal.... Özünə yaxşı bax, məni sevənlərə salam de.
Əgər dönməsəm, bil ki, hər zaman ruhum səninlə olacaq!
Hər zaman səni sevən körpə Adəmin!
Zəfər Yolu Və Əbədi Şərəf
28 sentyabr 2020-ci il tarixdə ailənin bütün sevinci yoxa çıxdı. Adəm Murovdan Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı.
Şəhid Adəm, ruhun şad olsun! Uğrunda canını fəda etdiyin Vətən torpaqları artıq azaddır!

ŞƏHİD ADƏM
Yüksək dəyər verdi Ali Komandan,
Qürurla çəkildi Adəmin adı.
Şəhidin məhəbbət alovlarında,
Göründü qəlbimin arzu, muradı.
O təltif olundu "Vətən uğrunda",
Həm "Cəsur döyüşçü" medalları ilə.
Suqovuşanın azadlığında,
Qazandı zəfərlər uca yol ilə.
"Kəlbəcər uğrunda" şərəf medalı,
Qazandı şəhidlik zirvələrində.
Xalqım əzizlədi igid aslanı,
Adəm unudulmaz Vətən önündə.
Uğurlu sərkərdə İlham Əliyev,
Hərb meydanında müzəffər oldu.
"3-cü dərəcəli Vətənə xidmət" ordeni
Şərəflə verildi şəhid Adəmə.
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü