ZƏFƏRİN MÜBARƏK, CAN AZƏRBAYCAN!
 Baxılıb: 64     Tarix: 31-10-2025 10:39    
    
        Sabunçu rayonunda yerləşən N. İsmayılov adına 80 nömrəli tam orta məktəbdə Zəfər Bayramı qeyd olundu.



		
	
	
	
	

30 oktyabr 2025-ci il tarixində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən N. İsmayılov adına 80 nömrəli tam orta məktəbdə möhtəşəm Zəfər Bayramı tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, Sabunçu Rayon İcra Hakimiyyəti nümayəndələri və media təmsilçiləri iştirak etdilər.

Tədbir öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla ehtiramla yad edilməsi ilə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru Təranə Müəffərova qonaqları salamlayaraq onları böyük Qələbə münasibətilə təbrik etdi. Direktor çıxışında bu günün həm də məktəbin adını daşıyan qəhrəman şəhidimiz Nazim Ağakişi oğlu İsmayılovun cənnətdəki mövlud günü olduğunu qeyd etdi və şəhidin ailəsinə dərin ehtiramını bildirdi.
Təranə Müzəffərova bu böyük qələbə sevincinə görə Ali Baş Komandan cənab İlham Əliyevə və Rəşadətli Müzəffər Orduya sonsuz təşəkkürünü ifadə etdi. O, rəhbərlik etdiyi məktəbin şagirdlərinə hər zaman dövlətini, bayrağını sevməyi öyrətdiklərini vurğuladı. Direktor həmçinin məktəbin müəllim və şagird kollektivinin qəhrəman Nazim İsmayılovun adını hər zaman uca tutmağı böyük bir məsuliyyət hesab etdiyini bildirdi.
Daha sonra məktəblilərin hazırladığı vətənpərvərlik mövzusunda kompozisiyalar nümayiş olundu, mahnılar və şeirlər səsləndirildi. Çıxış edən müəllimlər də qonaqları Zəfər Günü münasibəti ilə təbrik etdilər. Tədbirdə iştirak edən şəhid ailələri isə belə gözəl və unudulmaz tədbiri hazırladıqları üçün məktəbin direktoru Təranə xanıma, müəllim və şagird kollektivinə dərin təşəkkürlərini çatdırdılar.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Sabunçu rayon üzrə sədri, şəhid Etibar Qaffarovun həyat yoldaşı çıxış edərək həm məktəbin direktoruna, həm də bütün kollektivə və məktəblilərə xüsusi təşəkkürünü bildirdi. O, şagirdlərin müharibəni əks etdirən kompozisiyalarının onu çox duyğulandırdığını qeyd etdi. Sədr, mövlud günü olan Nazim İsmayılovun ruhunu ehtiramla yad edərək onun ailəsinə, xüsusilə Ramilə xanıma, Allahdan səbr dilədi. Cəmiyyətin adından başda Təranə Müəffərova olmaqla bir neçə müəllim Fəxri Diplomla təltif edildi.
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızı da çıxış edərək qələmə aldığı kitabları məktəbə və şəhid ailələrinə hədiyyə etdi.

Tədbirin sonunda xatirə şəkili çəkildi və şəhidlərin xatirəsinə çay ehsanı verildi.
Zəfər Bayramın mübarək, Can Azərbaycan! Qarabağ Azərbaycandır!
Müəllif: Raziyə Kamilqızı

 
 










