Reklam
Reklam
Xəbər lenti
22-09-2024, 23:29

22-09-2024, 23:07

19-09-2024, 08:58

7-09-2024, 10:43

7-09-2024, 06:55

4-09-2024, 21:25

1-09-2024, 23:58

1-09-2024, 11:08

30-08-2024, 14:14

20-08-2024, 14:48

19-08-2024, 03:34

5-08-2024, 20:27

4-08-2024, 13:57

31-07-2024, 21:51

28-07-2024, 00:29

25-07-2024, 19:14

25-07-2024, 18:55

23-07-2024, 13:10

18-07-2024, 01:48

13-07-2024, 01:17

9-07-2024, 02:27

8-07-2024, 14:53

6-07-2024, 14:56

6-07-2024, 12:41

6-07-2024, 11:20

5-07-2024, 10:14

4-07-2024, 19:25

4-07-2024, 13:33

1-07-2024, 17:19

21-06-2024, 17:45

Ən çox oxunanlar
Reklam
Reklam

Ömrün pərdələri

Baxılıb: 410     Tarix: 07-09-2024 06:55   
Bu yazını Qarabağ savaşı nəticəsində uşaqlığı əlindən alınmış, o savaşın
toz-dumanı taleyinə kölgə salmış qız uşaqlarına və qadınlara ithaf edirəm.
O vaxt 3 yaşım vardı. Yuxu kimi xatırlayıram: səhər vaxtı idi, həyətimizdə böyüyən, başı evimizin damına qədər yaşıllaşan tut ağaclarından birinin böyük gövdəsinin dibində torpaqla oynayırdım. Fikrim evimizin qapısında idi. Hər səhər olduğu kimi, atamın yenə də gəlib məni qucağına alıb öpməsini səbirsizliklə gözləyirdim. Adət etmişdim hər gün işə gedəndə, işdən qayıdanda məni öpüb qucaqlamasına.
Atam evdən çıxdı, dodağının altında:
 
Vətən bağı al əlvandır,
Yox üstündə xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin, sarı bülbül.
 
- mahnısını zümzümə edə-edə ayaqqablarını geyindi və getdi. O an atamın mənə fikir vermədən eləcə keçib getməyi dünyamı alt-üst etmişdi. Anam deyir: "Sənin ağlamaq səsinə qaçdım həyətə, hıçqıraraq elə ağlayırdın ki, qorxu içində nə oluğunu soruşduqda ağlaya-ağlaya "Atam məni öpməmiş getdi" - dedin".
Atama çox bağlı idim. Nə anamın, nə də nənə-babamın məni sakitləşdirə bilmədiyini görən bibim atamın arxasınca qaçıb yarı yoldan qaytarmışdı. İşə geciksə də, yolundan qayıdan atam həyətin darvazasından içəri keçərək gülə-gülə mənə tərəf yaxınlaşdı, ağac məni gizlətdiyi üçün görmədiyini dedi, qucağına aldı, həmişəkindən də artıq sevgi və mərhəmətlə öpüb, əzizlədi. O an nə qədər sevindiyimi isə lap aydın xatırlayıram. Artıq uşaq ürəyimdəki ən böyük dərdim öz çarəsinin tapmış, uşaq ağlımdakı ən böyük problemim yoluna qoyulmuşdu. Atam həyətin qapısından çıxana qədər sevinclə onu izlədim. Sonra oyunuma qaldığım yerdən davam etdim. Yanımda da ən sevdiyim oyuncaqlarımdan biri balaca plastik ətçəkən maşınım vardı. Yumşaq çörəkləri çəkib ovcumun ortası qədər olmayan ovuntuları cücələrimizə verirdim. Deyəsən, bunu mənə nənəm öyrətmişdi. Bir də atamla anamın toyunda gəlin maşınının üstünu bəzəyən gəlinciyimi çox sevirdim.
Həmin gündən həftələrmi keçdi, aylarmı, bilmirəm. Atam artıq çoxdandır ki, könüllü olaraq ön cəbhədədir və mən onun üçün çox darıxıram. Hər gün onu yuxumda görüb oyanırdım, elə bilirdim həqiqətən də evdədir. Mən heç gördüklərimin yuxu olduğunu anlayacaq yaşda da deyildim. Bir gecə gözlərimi açdım ki, əynimdə qırmızı damalı paltom, ən qalın papağım başımda, əllərimdə toxunma əlcəyim, ayağımda içi tüklü çəkməm. Anam təlaş içində körpə qardaşımı yun ədyalına bükür, harasa getməyə tələsir. Babam da "tez olun, tez olun" deyib bizi səsləyir. Güllə səsləri, kəndimizin üzərindən yarasalar kimi uçuşan qırıcılar, ağlayan qadınlar və bu baş verənlərin nə demək olduğunu anlamayan mən babamın qucağından ətrafı seyr edirəm.
Artıq ömrümün bir qərinəsi geridə qalıb. Amma ağlım da, qəlbim də atamın o qapıdan çıxıb getdiyi gündən bir addım da irəliləməyib. Oyuncaqlarımı, atam cəbhədə olarkən onunçün necə darıxmağım o hissləri heç vaxt unutmadım. İnsan həyata bir dəfə gəlir, bir ömür yaşayır və bitir. Bəzən həyat bizim bir ömür səhnəmizə heç vaxt yaşamaq istəməyəcəyimiz nə hekayələr sığdırır.
Böyüyüb həyatı dərk etdikcə atamın o qapıdan çıxışı ilə ömür səhnəmin ən xoşbəxt pərdəsinin orada bağlandığını anladım.
Həyatımızın yaşanan və yaşanmayan ən gözəl, ən nikbin hekayələri isə bu bağlanan pərdənin arxasında qaldı və heç nə qaldığı yerdən davam etmədi. Qaçqın obrazına alışmaq çətin oldu.
Bir gün yenə gözlərimi atəş səsi ilə açdım səhərə. Yenə həmin təlaş və həmin atəş səsləri, yenə də darıxmaq, yenə bir intizar, yenə bir qorxu! İndi nə baş verdiyini çox gözəl anlayırdım. Bu səs çoxlarının əbədi qaranlığı və o gecənin aydınlanan sabahı idi.
Ömür səhnəmizdə 30 il sonra yeni pərdə açıldı.
İllər sonra yenidən həmin doğma həyətdəyəm. Hansı ay olduğunu xatırlamıram, onu bilirəm ki, qış fəslidir. Həyətimiz də, kəndimiz də tanınmaz vəziyyətdədir. Həyətimizdəki tut ağaclarının hamısı kəsilib məhv edilib. Bir tək həmin tut ağacı dururdu. Yalqız, yarpaqsız, kövrək, titrək qol-budağı ilə, sanki yanmış evimizə, xarabalığa çevirilmiş həyətimizə, xatirələrimizə göz-qulaq olmağa çalışırdı. Gözlərim budağından asılaraq güllələnmiş atamın hərbi formasında ilişib qalmışdı. Ürküdücü sakitliyin içində birdən atamın səsi məni özümə gətirdi, "Qızım, bax, anan sənin yeməklərini bu qabda isidirdi" deyib həyətdəki təpələnmiş küllərin arasındakı dəmir camı göstərdi. Baxdıqca əlimdən alınmış həyatımın acısı xəncər kimi ürəyimə saplanırdı. Gözlərim bir tərəfi yanıb qaralmış həmin dəmir cama zilləndi, sanki küllərin arasından yanmış cam yox, köməksiz qalaraq qorxudan dili tutulmuş uşaqlıq illərim boylanırdı.
Kəndin indiki vəziyyətindən heç bir fərqi olmayan həyatım haqqında əvvəllər düşünəndə alın yazım, qismətim, bəlkə də əsl hekayəm elə budur, deyirdim.
Yox!.. yox!.. Artıq bu gün burda əmin oldum.
Onlar bizim yurdumuzu talan edib, həyatımızı oğurladılar, talelərimizi dəyişdilər. O küllərin altında yaşanmamış bir ömür, yanmış bir həyat baxırdı mənə.
Həmin an yenə də xəyalım atamın məni öpmədən çıxıb getdiyi o günə qayıtdı: əgər hər şey o ağacın gövdəsinin ətrafından, o səhərdən davam etsəydi, həyat necə olardı? Görəsən, mən indi kim idim?
Xalisə Məmmədova

Zefertv.az